EDİLMƏSİ ASAN, SAVABI ÇOX OLAN ZİKRLƏR
Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi:
“İki xislət vardır ki, onlara daim əməl edən müsəlman kimsə mütləq Cənnətə girər. Bu iki şey çox asan şeylərdir, lakin onlara əməl edən çox azdır”. Soruşdular: “Bu iki şey nədir, ya Rəsulallah?” O dedi: “Qoy sizlərdən hər biriniz hər namazın sonunda on dəfə Allahu Əkbər, on dəfə Əlhəmdulilləh və on dəfə Subhanəllah desin. Bu deyilənlər dildə yüz əllidir, tərəzidə isə min beş yüzdür”. – Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bunları barmaqları ilə saydığını gördüm. “(İkinci xislət: Qoy sizlərdən hər biriniz) yatağına girdiyi zaman (otuz üç dəfə) Subhanəllah, (otuz üç dəfə) Əlhəmdulilləh və (otuz dörd dəfə) Allahu Əkbər desin. Bu deyilənlər dildə yüzdür, tərəzidə isə mindir. Elə isə sizlərdən hansı biriniz gecə-gündüz iki min beş yüz günah iş görür?” (Səhabələrdən biri) dedi: “Ey Allahın elçisi! Necə ola bilər ki, adam bunlara daim əməl etməsin?” O dedi: “Sizdən biriniz namaz qılarkən şeytan gəlib ona filan və filan işi xatırladar və o bunları zikr etməz”.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 578-ci fəsil, (1216), Səhihdir
Comments
Post a Comment