QURBANLIQ VƏ ONUN ƏHKAMLARI


Uca Allah buyurur:

“Onların nə əti, nə də qanı, Allaha çatmaz. Sizdən ona çatacaq olan yalnız təqvanızdır. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Yaxşılıq edənləri (gözəl iş görənləri) müjdələ!” (“əl-Həcc” surəsi, 37).

“Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (“əl-Kövsər” surəsi, 2).

QURBAN NƏDİR?

Qurban, Zül-hiccənin onu bayram namazından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvandır.

QURBANIN HÖKMÜ

Qurban kəsmək təkid olunmuş sünnədir. Bu Qurban namazından sonra, Allaha ən sevimli olan əməllərdəndir.

QURBANIN FƏZİLƏTİ

Qurban kəsən adam kəsdiyi heyvanın hər tükünə görə savab qazanır. Hər savab isə on qat artırılır. Allah istədiyi şəxsin savabını artırar. Qurbanın ilk damla qanı axanda onu kəsənin günahı bağışlanır.

QURBANIN HİKMƏTİ

Allaha yaxınlıq. Atamız İbrahimin sünnəsini diriltmək. O, öz oğlu İsmail üçün qoyun kəsmişdir. Bayram günü ailə üçün rahatlıq, kasıb və fağırlar arasında mərhəmət və müsəlmanların birinin digərinə köməyi. Bu heyvanları insanlar üçün ram etdiyinə görə Allaha şükr etmək.

QURBANLIQ HEYVANIN NÖVLƏRİ VƏ YAŞLARI:

Qoyun və ya qoç: Altı aydan böyük olmalıdır.

Keçi: Bir yaş və ya çox.

İnək: Iki yaşı tamamlanmalıdır.

Dəvə: Dörd yaşı tamam olmalıdır.

QURBANLIQ HEYVANIN ŞƏRTLƏRİ:

Qurbanlıq heyvanda heç bir eyib olmamalıdır. Məsələn, bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibindən sınmış və ya qulağı dibindən kəsilmiş. Lakin buynuzda olan az sınıq və qulaqda olan az kəsiyin eybi yoxdur.

QURBANI KƏSMƏYİN VAXTI:

Bayram namazından sonra bayramın dördüncü günü əsr namazına qədər davam edir.

KƏSİLMİŞ HEYVANIN BÖLÜNMƏSİ:

Yaxşı olar ki, qurbanlıq heyvanı üç hissəyə bölüb: Bir hissəsini kasıblara sədəqə olaraq paylasın, bir hissəsi kasıb yaxud varlı olmasından asılı olmayaraq yaxın qonşular, dostlar və qohumlara versin, bir hissəsini isə özü və ailəsi üçün götürsün.

QURBAN KƏSƏNİN EDƏCƏYİ MÜSTƏHƏB (BƏYƏNİLƏN) ƏMƏLLƏR:

Qurban kəsmək istəyən Zül-hiccə ayının birindən etibarən saçını və dırnaqlarını tutmamalıdır.

Bacardığı qədər heyvanı özü kəsməlidir. Kəsməyi bacarmayanlar həmin vaxt kəsdirdikləri heyvanın yanında olsunlar.

QURBAN KƏSƏRKƏN OXUNAN DUA:

Qurbanını qibləyə tərəf yönəldib: “Bismilləh vallahu əkbər, Allahummə həzihi minkə və ləkə, Allahummə həzihi anni və an əhli” (duanın mənası: Allahın adı ilə. Allah hər şeydən ucadır. Allahım bunu mənə Sən vermisən və mən də onu Sənin üçün kəsirəm. Allahım bu mənim və ailəmin əvəzinədir. (Yaxud: Allahım bu filankəs və onun ailəsinin əvəzinədir.)

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) etdiyinə uyğun olaraq heyvanın qara ciyərindən yemək yaxşıdır.

DİQQƏT!

Bir qoyun bir nəfər və onun ailəsinin əvəzinə kəsilə bilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) iki qoyun kəsir və biri haqda deyir ki, “Allahım bu Məhəmməd və onun ailəsi üçündür”. Lakin inək və dəvə isə yeddi nəfər və onların ailəsinin əvəzinə kəsilə bilər. Ölən adam vəsiyyət edibsə onun əvəzinə də kəsmək yaxşıdır. Hətta vəsiyyət etməsə də onun adını ailə ilə birlikdə hallandırmaq olar.

Qəssaba əməkhaqqı olaraq qurban əti vermək olmaz. Əməkhaqqını pul verdikdən sonra sədəqə kimi ət vermək olar.

Qurban kəsə bilməyən kasıbların əvəzinə Peyğəmbər (sallallahu aleyhi və səlləm) kəsmişdir. O, ikinci qoyunu kəsərkən deyir ki, “Allahım bu isə mənim və ümmətimdən qurban kəsməyənlərin əvəzinədir”.

Qurban kəsdirməyi, yaşadığı yerdən asılı olmayaraq, başqasına tapşırmaq olar.

BƏZİ GENİŞ YAYILMIŞ XƏTALAR!

Dişi heyvanın kişilərin əvəzinə, erkək heyvanın isə qadınların əvəzinə kəsilməsinin qadağan olunmasını etiqad etmək.

Heyvanın yalnız bir nəfəri əvəz etməsini etiqad etmək.

Qurbanın ömürdə bir dəfə vacib olmasını etiqad etmək.

Ölən adama vacib olmasını etiqad etmək.

Sonda Allah bizlərin saleh əməllərini qəbul etsin!

Mənbə: http://www.islamevi.az/?p=3172

Assalamu aleykum. Hər birinizin bayramını təbrik edirəm. Uca Allah sizdən də, bizdən də qəbul etsin. Amin! Çox xahiş edirəm qrupa heç nə yazmayaq. Şəxsidə bayramlaşaq.

selefxeber.az.


Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?