PEYĞƏMBƏRİN ƏXLAQI:
TƏVAZÖKARLIĞI VƏ SADƏLİYİ
Peyğəmbər (sallallahu aleyhi və səlləm) heç kəsin onun üçün təzim və hörmət əlaməti olaraq ayağa qalxmasına icazə verməzdi. Əksinə, əshabələrini belə işdən çəkindirərdi. Əshabələri onu çox sevirdilər, amma onun gəldiyini görəndə ayağa qalxmırdılar. Çünki onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu hərəkətdən xoşlanmadığını bilirdilər (Əhməd: 12345; Bəzzar: 6637).Ərəblər arasında böyük nüfuz sahibi olan Ədiyy ibn Hatim (Allah ondan razı olsun) islamı qəbul etmədən öncə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəvətinin həqiqətini öyrənmək üçün onun yanına gəlmişdi. Ədiyy dedi: “Onun yanına gələndə orada qadın və uşaq, yaxud uşaqlar var idi”. Daha sonra o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həmin uşaqlara olan yaxın münasibəti haqqında danışır və deyir: “Mən başa düşdüm ki, o nə fars, nə də roma imperatorudur” (Əhməd: 19381).
Bilməliyik ki, təvazökarlıq və sadəlik bütün peyğəmbərlərin əxlaqının bir hissəsi olmuşdur.
Əshabələri ilə oturarkən onlardan seçilməz, özünü başqalarından fərqləndirən yerdə oturmazdı. Onu tanımayan qərib adam gəlib məclisdə oturanda Peyğəmbəri (sallallahu aleyhi və səlləm) tanımayıb soruşardı: “Hansınızsız Muhəmməddir?” (Buxari: 63).
Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: “Mədinənin hər bir körpə kölə qız uşağı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əlindən tutub onu istədiyi yerə apara bilirdi” (Buxari: 6072). Hədisdəki “Əlindən tutub” ifadəsi hərfi məna daşımır. Məqsəd, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sadəliyinin diqqətə çatdırılmasıdır. Belə ki, o, hər kəsə qarşı, ələlxüsus balacalara və zəiflərə qarşı çox mərhəmətli idi. O cümlədən hədisdə məhz oğlan deyil qız uşağının, azad deyil kölə uşağın qeyd olunması onun həddindən çox sadə insan olduğunu bildirmək üçündür.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Qəlbində zərrə qədər təkəbbür olan şəxs cənnətə daxil olmaz”. (Muslim: 91).
Comments
Post a Comment