ƏRİM MƏNİMLƏ MARAQLANMIR, NƏ EDİM? ARDI...
Əgər kişi öz qadınının yuxarıda sadaladığımız bu haqlardan birini və ya bir neçəsini yerinə yetirmirsə, böyük günah qazanır. Bu halda qadın nə etməlidir?
1⃣ İlk növbədə qadın Uca Allaha çoxlu dua etməlidir ki, Allah ərini islah etsin. Çünki qəlblər Uca Allahın əlindədir. Duaların qəbul olunmasına səbəb olan əməllər (namaz qılmaq, sədəqə vermək, valideynlərə yaxşılıq etmək, Quran oxumaq və s. əməllər) etməlidir. Həmçinin, duaların qəbul olan vaxtlarında (gecənin son üçdə biri, namazda səcdə halında, yağış yağanda və s. vaxtlarda) daha çox dua etməlidir.
2⃣ Kişiyə həm qadın özü nəsihət etməli, həm də kişiyə sözü keçən adam vasitəsilə nəsihət olunmalıdır. Əbu Dərda (həyat yoldaşı) Ummu Dərdaya (Allah onlardan razı olsun) belə deyir:
"Mən qəzəbləndikdə, məni razı sal, sən qəzəbləndikdə isə mən səni razı salım. Əgər biz bu cür olmasaq, necə də tez ayrıla bilərik!" ("Ravdatul-Uqaləə" əsəri, səh, 72).
Ailə haqlarını yerinə yetirməmək dünyada müsibət və bəlalara, Axirətdə isə Cəhənnəm əzabına səbəb ola bilər. Çünki bu Uca Allaha və Peyğəmbərə (sallallahu aleyhi və səlləm) asi olmaqdır. Uca Allah bu haqda buyurur:
"...Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar". ("ən-Nur" surəsi, 63).
Əgər ər böyük günahlara yol verirsə, zina edir və içki içirsə, ona dünya və Axirətdə əzaba düçar olacağını nəsihət etmək lazımdır.
Həmçinin, kişi qadının haqqına girdiyinə görə qul haqqı kimi böyük günahla yüklənmiş olur. Qul haqqını isə Uca Allah heç kimə, hətta şəhidlərə bağışlamır. Qul haqqı yalnız həmin adam öz haqqını halal etdikdən sonra bağışlana bilər.
3⃣ Qadının dini öyrənib ona əməl etməsi və əxlaqlı olması; Bu onun dualarının qəbul olmasına səbəbdir və ola bilsin ki, kişi onun əxlaqını gördükdə utansın, həya etsin, çəkinsin. Uca Allah buyurur:
"İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et". ("ən-Nəhl", 125).
4⃣ Ər üçün bəzənmək, gülərüzlü olmaq, acıdil olmamaq; Səbəblərdən biri də ola bilər ki, qadın əri üçün kifayət qədər bəzənmir, gülərüzlü olmur və s. Bu da ərin qadınla pis davranmasına səbəb olur və başqa qadınlara meyl etməsinə gətirirb çıxarır.
5⃣ Ərə itaət etməyi Cənnəti qazanmaq üçün vasitə kimi görmək; Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:
"Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol"- deyilər…". (İmam Əhməd, 1661).
6⃣ Səbirli olmaq və nemətcə özündən aşağı olanlara baxmaq; Hər bir halda istənilən bir müsibət bu dünyanın sınağıdır. Allahın sınaqlarına isə səibrli olmaq və dua etmək lazımdır. Uca Allah buyurur:
"Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!" (əl-Bəqərə, 45).
7⃣ Əgər cadu əlamətləri varsa və kiminsə sizə cadu etdiyini ehtimal edirsinizsə, o zaman evdə Quran səsləndirin, ibadətlərinizdə davamlı olun və cadudan qorunmaq üçün şəriətdə buyurulmuş vasitələrdən istifadə edin.
8⃣ Ərlə arvad arasında münaqişə böyüdükdə, hər iki tərəfdən ağsaqqallar yığışaraq onlara nəsihət edir və vəziyyəti düzətməyə çalışırlar. Əgər bu da fayda verməsə, qadın boşanma haqda düşünə bilər. Amma bunu ətraflı götür-qoy etməli və böyüklərlə məsləhətləşməlidir, çünki boşanmadan sonra nə edəcəyini düşünməlidir. Nəzərə almaq lazımdır ki, indiki dövrdə bir çox qadınlar ailə qurmaqda çətinlik çəkirlər. Ona görə boşanan qadın hətta ata evində olsa belə bir müddətdən sonra çətinlik çəkməyə və məzəmmət olunmağa başlayır.
http://zikr.az/node/3067
Comments
Post a Comment