BİDƏTLƏR MÜSİBƏTLƏRƏ SƏBƏBDİR!
Elə bir dəhşətli müsibət vardır ki, camaat arasına nifaq salır, onlarda bir-birinə qarşı nifrət oyadır və beləliklə də, dini kökündən zəiflədir. Bu böyük müsibət, bidətlərin meydana gəlməsidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər xütbəsinin, hər söhbətinin əvvəlində səhabələrə bidətlərdən çəkinməyi tövsiyə edib deyərdi:
“Ən xeyirli kəlam Allahın Kəlamı, ən xeyirli yol isə Muhəmməd səllallahu aleyhi və sələmmin yoludur. Əməllərin ən pisi dinə əlavə edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət zəlalət, hər bir zəlalət isə Cəhənnəm oduna aparan yoldur.” (Muslim, İmam Əhməd, 1/ 435)
Məgər səhabələr bidətçi idilər? Əlbəttə ki, yox, sadəcə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bilirdi ki, müsəlmanlar arasında ən tez yayılacaq və onları parçalayacaq şey bidətlər olacaq. Odur ki, bu böyük təhlükəni tez-tez onların yadına salırdı.
Huzeyfə ibnul-Yəməni (Allah ondan razı olsun) Peyğəmbər (sallallahu aleyhi və səlləm) istisna olmaqla, Qiyamətədək baş verəcək fitnələr barədə ən çox məlumatı olan səhabədir. Bu məlumatları o, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) öyrənmişdir. Rəvayət edilir ki, bir gün Huzeyfə ibnul-Yəməni (Allah ondan razı olsun) yerdən iki daş götürüb onları bir-birinin üstünə qoyur, sonra, tələbələrinə deyir: “Bu iki daş arasından işıq görürüsünüzmü?” Onlar: “Cüzi bir işıq görürük” - deyə cavab verdikdə, Huzeyfə (Allah ondan razı olsun) dedi: “Vaxt gələcək bidətlər ayaq açıb hər tərəfə yayılacaq və Peyğəmbərinizin (sallallahu aleyhi və səlləm) sünnəsi o bidətlər arasında, bu iki daş arasında görünən işıq kimi görünəcək. İş o yerə gəlib çatacaq ki, haqq yolda olan möminlər bidəti tərk etdikdə, bidətçilər və avamlar onları qınayıb deyəcəklər: “Bunlar haqq yoldan azmışlardır.” (Səhih əl-Buxari)
Comments
Post a Comment