MÖMİNİN GÜNAHLARINI SİLİB APARIR
Xəstəlik Allah Təalanın mömin bəndələri üçün bəxş etdiyi mərhəmətidir. Çünki xəstəlik vasitəsilə möminin günahları yuyulur.
Allahın Peyğəmbəri (salləllahu aleyhi və səlləm) demişdir:
“Xəstəlikdən əziyyət çəkən elə bir qul yoxdur ki, Allah onu günahlardan təmizlənmiş halda xəstəlikdən azad etməsin”. (Buxari)
Cabir (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər Ummu Saib adlı (xəstə) bir qadına baş çəkdi. Qadın titrəyirdi. Peyğəmbər soruşdu: “Sənə nə olub?” O dedi: “Qızdırmam var. Allah onu zəlil etsin!” Peyğəmbər dedi: “Sus, onu söymə! Çünki bu (xəstəlik), körük dəmirin pasını apardığı kimi, möminin günahlarını silib aparır”. (Buxari)
“Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: “Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar (digər rəvayətdə: onu yaxşı işlər görməyə müvəffəq edər)!” (əl-Albani «Sahihul-Cəmiis-Sağir»)
XƏSTƏLİYƏ SƏBİR EDƏNİN MÜKAFATI
Allah Elçisi (sallallahu aleyhi və səlləm) demişdir: Uca Allah buyurur:
“Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbir edərsə, yatağından anadan doğulduğu gündə olduğu kimi günahlardan təmizlənərək ayağa qalxar”. Rəbb qoruyucu mələklərinə buyurur: “Həqiqətən, Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən etdiyi əməllərə bərabər yazdığınız savab qədər onun üçün mükafat yazın!”
əl-Albani «Sahihul-Cəmiis-Sağir»
Əbu Hureyra (radiallahu anhu) deyir ki, tutulduğum xəstəliklər arasında mənim üçün qızdırmadan daha sevimli olanı yoxdur. Çünki o, mənim hər əzama girir. Allah da hər əzaya savabdan o hissəyə aid olanı verir. (Buxari)
Comments
Post a Comment